skip to Main Content
Ağciyər Exinokokku – Exinokokkoz Xəstəliyi Nədir Və əlamətləri

Ağciyər Exinokokku – Exinokokkoz xəstəliyi nədir və əlamətləri

Post Series: Ağciyərdə Exinokkok - Exinokokkoz xəstəliyi

Exinokokk haqqında. Exinokokk nədir?

Daxili orqanların exinokokkoza tutulmasında qaraciyərdən sonra ikinci yeri ağciyər tutur. Exinokokk paraziti yumurtalarının ağciyərə qanla gətirilməsi ilə yanaşı, yoluxma aerogen yolla da (tənəffüslə) mümkündür. Sağ ağciyərdə exinokokk sisti (56,3%), sol ağciyərə (43,7%) nisbətən çox rast gəlinir. Ağciyərdə inkişaf edən exinokokk sisti darı dənəsi böyüklüyündən başlayıb, döş qəfəsinin yarısını tuta bilir. Ağciyər toxumasının elastikliyi və buna görə sistin bütün həcmi boyu inkişafı eyni olduğundan onlar, adətən, dairəvi formada olur. Klinik praktikada 79-80% halda bir, 20% halda isə bir neçə sistə təsadüf edilir.

Ağciyərin səthinə yaxın yerləşmiş sistlər eksudativ plevritin, plevral birləşmələrin əmələ gəlməsinə, ağciyərin daxilində inkişaf edən sistlər isə bronxların deformasiyasına səbəb olur. Başqa orqanlarda olduğu kimi burada da sist ətrafında birləşdirici toxumadan ibarət fibroz kapsul inkişaf edir. Fibroz kapsulun qalınlığı müxtəlif (bəzən 1 sm-ə qədər) olub, sistin inkişaf müddətindən asılıdır.

Exinokokkun əlamətləri, klinikası:

Ağciyər exinokokkunun klinikası müxtəlif şəkildə davam edir. Bu müxtəliflik orqanizmə daxil olub inkişaf edən parazitə qarşı reaksiyadan, sistin lokalizasiyasından, inkişaf sürətindən, böyüklüyündən və ağırlaşmaların meydana çıxmasından və s. səbəblərdən asılıdır. Bununla yanaşı, kliniki əlamətlərin meydana çıxması, əsasən, böyüyən sistin mexaniki, toksiki təsirləri və ağciyər toxumasında trofik dəyişikliklərin inkişafı ilə əlaqədar ola bilər.

Xəstələr, adətən, döş qəfəsinin müvafiq hissəsindəki ağrıdan, öskürəkdən, qanhayxırmadan və təngnəfəslikdən şikayətlənirlər.

  • Ağrı erkən əlamətlərdən sayılaraq döş qəfəsinin patoloji prosesə cəlb olunmuş müvafiq tərəfində 51-52% hallarda təsadüf edilir. Ağrıların intensivliyi də müxtəlif (küt, kəskin, sancışəkilli) ola bilir. Kəskin ağrılar, adətən, az təsadüf edir, belə ağrılar parietal plevranın və qabırğaarası sinirlərin iltihabi prosesə cəlb olunmasını göstərir.
  • Öskürək erkən və tez-tez (45-46% halda) təsadüf edən əlamətlərdəndir. Əgər öskürək başlayıbsa, daimi xarakter alır, gecələr şiddətlənir və heç bir dərman müalicəsi ilə keçib getmir. Ağciyər qapışma, diafraqmal səthə yaxın yerləşmiş sistlər quru və inadla davam edən öskürəyə səbəb olur. Ekinokokk sistinin böyüməsi ilə əlaqədar öskürəyin xarakteri də dəyişir, quru öskürək selikli və ya irinli-selikli bəlğəmin ifraz olunması ilə əvəzlənir. Exinokokk sisti bronxa açıldıqda isə öskürəklə sist elementlərinin xaric olması müşahidə edilir.
  • Qanhayxırma, ağrı və öskürək ağciyər exinokokkunun triada əlamətlərini təşkil edir. Qanhayxırma sist ətrafında kiçik bronxları əhatə edən damarların partlaması və bəlğəmdə qan liflərinin xaric olması ilə xarakterizə olunur. Qanaxma bəzən şiddətli də ola bilər. Belə hal, adətən, sist divarının və orta kalibrli damarların partlaması nəticəsində olur. Qanhayxırma və ya qanaxma bəzən xəstəni həkimə müraciət etməyə vadar edən ilk əlamətdir.
  • Təngnəfəslik exinokokkun nisbətən gec mərhələsi üçün xarakterikdir. Ağciyərin böyük bir hissəsinin xarici tənəffüs aktında iştirak etməməsi, sağlam tərəfdəki ağciyərin basılması və plevral birləşmələr təngnəfəsliyə səbəb olan amillərdir.

Ağciyərin exinokokkozunda xəstələrin ümumi vəziyyəti kafi olur.

Lakin ağırlaşmaların (böyük bronxların, damarların sıxılması, sistin irinləməsi, deşilməsi və s.) inkişafı ilə yanaşı, ağciyər və ya ürək-damar çatmamazlığının meydana çıxması xəstələrin vəziyyətini pisləşdirir. Sistin irinləməsi ilə əlaqədar olaraq temperatur, intoksikasiya əlamətlərinin güclənməsi, üşütmə, güclü tərləmə, xəstənin çəkisinin azalması və s. xarakter əlamətlər meydana çıxır. Əgər bu ağırlaşma ilə xəstələr vaxtında əməliyyat olunmurlarsa, proqnoz pisləşir. Ağciyərin mərkəzində yerləşən sistlər daha tez irinləməyə meyil göstərir.

Ağciyərin exinokokk sistinin bronxlara və ya plevra boşluğuna açılmasından asılı olaraq, müvafiq klinik əlamətlər meydana çıxır. Çox nadir hallarda sist yemək borusuna, aortaya, perikarda və qarın boşluğuna açılır.

Sistin bronxlara açılması və ya perforasiyası

Bu proses tədricən və ya kəskin şəkildə inkişaf edir. Kəskin və ya ağır formada döş qəfəsində təzyiq birdən artdıqda (öskürdükdə, ağır fiziki işlə məşğul olduqda) sistin böyük kalibrli bronxa (mexaniki təsirdən divarı nekrozlaşmış bronxa) açılması nəticəsində xəstə birdən-birə öskürəklə çoxlu seliyəbənzər maye xaric edir. 2-3 litrə qədər mayenin birdən-birə xaric olması bəzən tənəffüs yollarının tutulmasına və xəstənin asfiksiyasına (tənəffüs çatışmazlığına) səbəb olur.

Exinokokk sistinin plevra boşluğuna perforasiyası nisbətən az rast gəlinir. Bu ağırlaşma, adətən, sistin ağciyər səthində yerləşməsi zamanı olur. Fiziki gərginlik, kəskin hərəkətlər, bərkdən öskürmə və bəzən də döş  qəfəsinin travması ağciyər səthində yerləşən sistin partlamasında köməkçi amillər kimi nəzərə alınır. Sistin bronxa açılmasından fərqli olaraq kəskin ağrı, təngnəfəslik, sianoz, ürəkbulanma və qusma kimi əlamətlər meydana çıxır. Bir tərəfdən şiddətli ağrı, digər tərəfdən anafilatik vəziyyət şokun inkişafına və bəzən hətta xəstənin huşunun itməsinə səbəb olur. Ekssudativ plevritin hansı səbəbdən inkişaf etməsinin diaqnostikası çətinlik törədir. Bu vəziyyətdə exinokokk sistinin bronxlarla əlaqəsi varsa, hidropnevmotoraks əmələ gəlir və bununla əlaqədar xəstənin vəziyyəti daha da ağırlaşır.

Davamı: Exinokokkun diaqnostikası və müalicəsi

Dr. Cəmil Ələkbərov

Torakal cərrahı Op. Dr. Cəmil Ələkbərov Hər növ Açıq və Endoskopik Torakal Cərrahiyyə üzrə əməliyyatlar icra etməkdədir. Dr. Cəmil Ələkbərov Azərbaycanda ilk dəfə olaraq hər iki ağciyərdə eyni vaxtda Endoskopik əməliyyat icra etmiş və narkozsuz ağciyər cərrahiyyəsinin ölkəmizdə ilk dəfə uğurlu şəkildə tətbiq etmiş şəxsdir. Hal-hazırda Ağciyər Cərrahiyyə Mərkəzinin rəhbəridir.

Əlaqə nömrəsi: (050) 501 70 05

Back To Top