skip to Main Content
Ağciyər Xərçəngi Nədir Və əlamətləri

Ağciyər xərçəngi nədir və əlamətləri

Post Series: Ağciyər xərçəngi

Ağciyər xərçəngi nədir və kimlərdə olur?

Ağciyər xərçənginin təsadüfetmə halları siaqret çəkmənin intensivliyi və davamiyyəti ilə sıx əlaqədardır. Müəyyən edilmişdir ki, gündə iki qutu və daha çox siqaret çəkənlər arasında ağciyər xərçənginə tutulma ehtimalı siqaret çəkməyənlərə nisbətən 20 dəfə artıqdır. Müəyyən edilmişdir ki, siqaretlərə qoyulmuş filterlər kanserogen maddələrin ağciyərə keçməyinin qarşısını almır. Ağciyər xərçəngi bronxların selikli qişasından və selik ifraz edən bronxial vəzilərin epitelindən inkişaf edir.

Ağciyərin bronxogen xərçəngi

Ağciyərin bronxogen (bronx mənşəli) xərçənginin klinik gedişi öz müxtəlifliyi ilə fərqlənir. Məlumdur ki, belə bir vəziyyət şişin inkişafı fonunda ağciyərdə çox hallarda kliniki gedişi əsas simptomları təşkil edən ikincili dəyişikliklərin (atelektaz, pnevmoniya, ağciyərin absesi, qanqrenası, plevrit və s.) əmələ gəlməsi ilə əlaqədardır. Bu dəyişikliklər ən çox mərkəzi xərçəng şişi üçün xarakterikdir. Xərçəng şişinin bu tipli lokalizasiyasında və endobronxial (bronxdaxili) inkişafında bronx mənfəzinin erkən stenozlaşması (daralması) və ağciyərin həmin bronxla ventilyasiya olunan sahəsində, atelektazın meydana çıxması baş verir.

  • Patoloji prosesə cəlb olunmuş bronxun diametri və endobronxial inkişaf etmiş şişin həcmi nə qədər böyükdürsə, ilk ümumi klinik və ikincili dəyişikliklərlə əlaqədar əlamətlərin meydana çıxması da bir o qədər kəskin və ağır olur.

Bronxogen xərçəngin ilk və daimi klinik əlamətlərindən öskürəyi, qanhayxırmanı və təngnəfəsliyi qeyd etmək olar. Endobronxial xərçəng şişinin erkən dövründə təsadüf edən öskürək adətən, bronxun selikli qişasının qıcıqlanması ilə əlaqədardır. Bronx mənfəzinin stenozlaşmasında və infeksiyanın prosesə əlavə olunmasında öskürəklə yanaşı selikli irinli bəlğəmin ifraz olunması baş verir. Şişin sonrakı inkişaf mərhələsində destruktiv prosesin törənməsindən bəlğəmdə qan lifləri ayırd edilir. Bəzən bəlğəmdə qan qarışığı artır və qanhayxırma xarakterini alır.

  • Papiros çəkən xəstələr uzun müddət öskürdükləri və eləcə də bəlğəm xaric etdiklərindən bu simptomlarm kəskinləşməsini nəzərə almırlar, laqeydlik göstərirlər və ağciyər patologiyasının inkişafının erkən mərhələsində həkimə müraciət etmirlər.

Təngnəfəslik, adətən, prosesin gec mərhələsi üçün xarakterikdir. Bu simptomun meydana çıxması ağciyər seqmentinin və ya ağciyər payının atelektazından, plevra boşluğuna eksudatın toplanmasından, divararalığmda böyük metastaz düyünlərinin olması nəticəsində təzyiqin artmasından və başqa səbəblərdən törənir.

Ağciyər xərçəngində döş qəfəsinin müvafiq tərəfində ağrı simptomu 60-65% hallarda təsadüf edilir.

Yuxarıda qeyd edildi ki, endobronxial inkişaf edən şiş nəticəsində bronx mənfəzinin tutulması ağciyərin müvafiq sahəsində atelektaza və pnevmoniyaya səbəb olur. Pnevmonitin inkişafı temperaturun yüksəlməsi, ümumi əzginlik və öskürəyin güclənməsi əlamətləri ilə kəskin şəkildə başlayır. Klinik əlamətlərin oxşarlığına görə, adətən qriplə əlaqələndirilir. Əgər rentgenoloji müayinədə müvafiq kölgəlik almırsa, qeyri-spesifik bronxopnevmoniya nəzərdə tutulur.

Antibiotiklərin təyin olunması

Antibiotiklər şişlə stenozlaşmış sahədə iltihabi prosesin sorulmasına və bronx keçiriciliyinin nisbətən bərpa olunmasına səbəb olur. Xəstəliyin klinik əlamətlərinin bir neçə gün ərzində yox olması və eləcə də xəstənin vəziyyətinin yaxşılaşması xəstəliyin iltihabi xarakterli olması haqqındakı səhv fikri daha da möhkəmlədir. Bir neçə vaxtdan sonra bronxun stenozlaşması və pnevmonitin inkişafı baş verirsə, xəstəliyin residiv verməsi haqda düşünülür.

Peribronxial ağciyər şişləri

Peribronxial (bronxətrafı) şişlərin inkişafında erkən əlamətlər (öskürək, qanhayxırma, təngnəfəslik) zəif olur. Burada endobronxial şişlərdən fərqli olaraq obturasion mənşəli atelektazın və pnevmonitin inkişafı uzun müddət baş vermir. Lakin bu, xəstəliyin erkən mərhələsində belə olur. Şiş prosesi inkişaf etdikcə bronxların stenozu, bununla əlaqədar atelektaz və pnevmonit baş verir.

Xəstəliyin gec mərhələlərində şiş prosesinin qonşu orqanlara və döş boşluğu limfa düyünlərinə yayılması ilə əlaqədar, yeni əlamətlər meydana çıxır. Bu əlamətlərdən qayıdan və ya diafraqmal sinirlərin və ya onlardan hər ikisinin birgə prosesə cəlb olunmasını, böyümüş limfa düyünlərdə sıxılmadan, yaxud bilavasitə şişin yemək borusu divarına keçməsindən törənən disfagiyanı, plevra boşluğunda seroz, irinli və ya qanlı mayenin toplanmasını və s. qeyd etmək olar. Bu əlamətlər prosesin çox yayılmasını göstərir və bu mərhələdə diaqnoz çətinlik törətmir. Təəssüf ki, burada radikal müalicə metodunun tətbiqi mümkün olmur.

Ağciyərin periferik xərçənginin klinik əlamətləri mərkəzi xərçəngə nisbətən çox səthidir. Ağciyər toxumasında məhdud sahədə, böyük bronxlardan uzaq, periferik “lal” zonada inkişaf edən dairəvi və nahamar formalı bir neçə düyünün inkişafı funksional dəyişiklik törətmədiyindən uzun müddət simptomsuz davam edir və bu səbəbdən diaqnoz gec müəyyənləşdirilir. Bir çox hallarda diaqnoz xəstənin başqa səbəbə görə aparılan rentgenoloji müayinəsində təsadüfi olaraq aşkar edilir, periferik ağciyər xərçənginin ilk əlamətləri şiş böyüdükdən, qonşu orqanlara mexaniki təsir göstərdikdə, köks divarına keçdikdən sonra məlum olur.

Burada birinci və nisbətən daimi xarakter daşıyan əlamət döş boşluğunun müafıq tərəfində olan ağrıdır. Ağrılar küt və ya kəskin xarakter daşıyır, plevranın və ya döş divarının prosesə cəlb olunması ilə əlaqədar olur. Ağrı həmişə xəstəni təqib edir və daimi xarakter alır. Şişin köks divarına keçməsi və qabırğaarası sinirlərin şiş prosesinə cəlb edilməsi çox kəskin ağrılara səbəb olur.

  • Periferik xərçəngin, ikinci və daimi simptomu təngnəfəslikdir. Bu simptomun intensivliyi şişin böyüklüyündən, onun divararalığında yerləşən orqanlara göstərdiyi mexaniki təsirdən, plevrada və limfa düyünlərində olan metastazdan asılıdır.

Şişin gec inkişaf etmiş mərhələsində qonşuluqda yerləşən böyük bronx sıxıldıqda və ya o, bilavasitə prosesə cəlb olunduqda öskürək meydana çıxır.

Xərçəng şişinin mərkəzi lokalizasiyasında olduğu kimi, burada da şişin inkişafı ilə əlaqədar ümumi əlamətlər (ümumi zəiflik, tez yorulmaq, əmək qabiliyyətinin və bədən çəkisinin azalması, temperaturun yüksəlməsi və s.) nəzərə çarpır. Ağciyərin periferik xərçənginin klinikası bəzən göstərilən ümumi əlamətlərdən başlayır və uzun müddət xəstəliyin əsas əlamətləri kimi qalır.

Dr. Cəmil Ələkbərov

Torakal cərrahı Op. Dr. Cəmil Ələkbərov Hər növ Açıq və Endoskopik Torakal Cərrahiyyə üzrə əməliyyatlar icra etməkdədir. Dr. Cəmil Ələkbərov Azərbaycanda ilk dəfə olaraq hər iki ağciyərdə eyni vaxtda Endoskopik əməliyyat icra etmiş və narkozsuz ağciyər cərrahiyyəsinin ölkəmizdə ilk dəfə uğurlu şəkildə tətbiq etmiş şəxsdir. Hal-hazırda Ağciyər Cərrahiyyə Mərkəzinin rəhbəridir.

Əlaqə nömrəsi: (050) 501 70 05

Back To Top